"Balaca istedadlar" rubrikası- Nəzrin Əhmədova


Dərs əlaçısı olan Nəzrin müəllimlərinin və sinif yoldaşlarının sevimlisidir

"Sport Time” jurnalının "Balaca istedadlar” rubrikasının qonağı Əhmədova Nəzrin Samir qızıdır. Nəzrin balamız 17 mart, 2010-cu ildə doğulub. 7 yaşlı balaca Nəzrin olduqca istedadlı və bacarıqlı uşaqdır. Yüksək təlim-tərbiyəsi, idmana, təhsilə və incəsənətə olan marağı ilə yaşıdları arasında seçilməkdədir. O, artıq Azərbaycan-Britaniya Kollecinin (keçmiş Bakı İstedadlar Təhsil Kompleksi) 2"B” sinfini əla qiymətlərlə başa vurub. Dərs əlaçısı olan bu balaca qız müəllimlərinin və sinif yoldaşlarının sevimlisidir. Müəllimələri Joanna və Aytəkin xanım Nəzrin Əhmədova barədə olduqca gözəl fikirlər söyləyirlər. Müəllimələri bildirirlər ki, Nəzrin olduqca təlim-tərbiyəli, sakit təbiətə sahib, dərslərinə həvəslə yanaşan şagirdlərdəndir. Bu balaca, gözəl qız Azərbaycan dili, tarix, ingilis dili, coğrafiya fənlərini çox sevir. Bundan başqa, idmanın gimnastika növünə və rəsmə böyük maraq göstərir. Musiqiyə olan həvəsi isə onun incəsənət ruhunun olmasından xəbər verir.



Nəzrin təbiət rəsimləri çəkməyi daha çox sevir. O, rənglərin ahəngindən zövq alır. "TDS-Art Studio”da rəsm çəkməyin, boyalarla işləməyin sirlərini öyrənir. Bu istedadı bəlkə də, gələcəkdə onun ən gözəl rəsm əsərləri yaratmasına gətirib çıxaracaq. Rəsm çəkməyi, fortopianoda ifa etməyi daha çox valideynlərini, onu çox sevən nənə-babasını sevindirir. Bütün bu bacarığına, xoş rəftarlı olduğuna görə Nəzrin Əhmədovlar ailəsinin sevimlisidir. Təhsilə, incəsənətə, idmana diqqətlə yanaşan bu ailə övladlarının təlim-tərbiyəsinə, fiziki-mənəvi inkişafına xüsusi diqqətlə yanaşır.




15879 oxunub