SƏLİM-skripkanın sehrli ustası



"Həyatı təkcə maddi qazanclara görə yaşamaq olmaz”

Musiqi insan ruhunun qidasıdır. Təbii ki, söhbət gözəl müsiqidən, könül açan melodiyadan gedir. Zövq oxşayan, ürəkləri riqqətə gətirən zövqlü musiqini təəssüf ki, hər musiqiçinin ifasında eşitmirik. Öz sehrli barmaqları ilə ifa etdiyi musiqilərə yeni çalarlar gətirən sənətkarlar olduqca azdır.

Səhnəyə qədəm qoyduğu gündən böyük pərəstişkar kütləsi toplayan, musiqisevərlərin rəğbətini qazanan Əməkdar artist Səlim Abbasovla görüşüb söhbət etdik. İdmana bağlılığı heç də sənətinə olan vurğunluqdan az olmayan Səlimlə olan müsahibəmizi oxucularımıza təqdim edirik.

- Müsahibəyə hazırlaşarkən, müsahiblə bağlı yazılanları oxuyub araşdırmaq müxbirlər üçün zəruridir. Lakin səninlə bağlı daha geniş məlumat toplamaq üçün buna ehtiyac olmadı. Çünki xarakterindəki üstün cəhətləri müəyyən qədər bilirdim. Sənin sənətin kimi daxili aləmin də olduqca zəngindir. Yəqin ki, çox sevilməyinin əsas səbəbi də elə budur...

- Mən insanlarda səmimiyyətə, düzgünlüyə, ən əsası sədaqətli olmağa üstünlük verirəm. Sadəlik və səmimiyyət ən gözəl xüsusiyyətlərdən biridir. Təkəbbürlü olmaq, insanlara fərq qoymaq islamda bəyənilməyən haldır. Allah sadə olanları sevər. Kobudluq etmək, qəlb qırmaq, necə deyərlər, insanlara yuxarıdan aşağı baxmaq səviyyəli insanlara xas deyil. Mən dünyanın bir çox ölkələrində musiqimizi təmsil etmişəm. Əcnəbi ölkələrdə insanların bir-birlərinə qarşı mədəni münasibəti olduqca xoşuma gəlir. Kim olmalarından asılı olmayaraq insanlar olduqca sadədirlər. Necə deyərlər, ağac bar verdikcə başını aşağı əyməlidir.

- Səlim, yaxşı olardı ki, oxuculara özünlə bağlı ətraflı məlumat verəsən.

- Mən 1982-ci ildə Siyəzəndə dünyaya gəlmişəm. Gözümü açandan evimizdə musiqi səsi eşitmişəm. Atam Vaqif Abbasov istedadlı qarmon ifaçısıdır. Müxtəlif işlərdə çalışsa da atamın musiqiyə, qarmona olan sevgisi hər şeydən üstün olub. Əmilərim də musiqi ilə məşğul olublar. Ailəmizdə musiqiyə olan bu sevgi təbii ki, mənə və qardaşlarıma da keçməli idi. İstedadlı musiqiçilərin əksəriyyəti bacarıqlarına görə valideynlərinə borcludurlar.

- Musiqiçi ailəsində böyüməyin, yəqin ki, maraqlı uşaqlıq yaşamağına səbəb olub.

- Uşaqlıq dövrüm olduqca maraqlı keçib. Ailə üzvlərim məni kiçik yaşlarımdan konsertlərə, şənliklərə aparırdılar. Nəlbəki, tütək, nağara, piano kimi alətlərdə ifa edə bilirdim. İlk dəfə musiqi məktəbinə məni anam aparıb. Atam hesab edirdi ki, musiqi bacarığım mənə bəsdir.

- Yeri gəlmişkən, uğur qazanmağının sirrini nədə görürsən?

- Uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Məşqlər nə qədər çox olsa, insanın özünə inamı, təcrübəsi o qədər çox olar. Məqsədə çatmaq üçün yorulmadan, həvəslə çalışmaq lazımdır.


"Elə olurdu ki, 8-10 saat uşaqlarla futbol oynayırdım”


- Hansı idman növü ilə məşğul olmusan?

- Futbola marağım hədsiz çox idi. Bu idman növü olduqca maraqlıdır. Atam səhər işə gedəndə mən də məhlə uşaqlarına ilə qoşulub futbol oynamağa gedirdim. Komanda yoldaşlarımı çaldıqları fitlərin səsinə görə tanıyırdım. Bilirdim ki, məni çağıran hansı yoldaşımdır. Atam futbol oynamağımın əleyhinə idi. Mən də ondan gizli evdən çıxıb futbol meydançasına qaçırdım. Əvvəlcə ayaqqabılarımı pəncərədən aşağı atırdım, sonra qapını ehtiyatla açıb evdən çıxırdım. Çalışırdım ki, evdən diqqəti çəkmədən çıxım. Elə olurdu ki, 8-10 saat uşaqlarla futbol oynayırdım. Atamın evə gəlməyindən yarım saat qabaq özümü evə yetirirdim ki, hardan gəldiyimi bilməsin. Evə çatan kimi kamançanı çalmağa başlayırdım.

- Bəs, futbol oynamağını atana xəbər verən olmurdu?

- Əlbəttə olurdu (gülür). Anam atama evə gec gəldiyimi və uşaqlarla futbol oynadığımı deyirdi. Atam da onun sözündən çıxdığıma görə möhkəm hirslənirdi. Bəzən buna görə atam məni cəzalandırırdı. Düzünü deyim ki, oxlovla döyüldüyüm günlər az olmayıb. Əslində valideyinlərim mənim yaxşılığımı istəyirdilər. Vaxtımı təhsilə sərf etməyimi tələb edirdilər. İndi başa düşürəm ki, valideyinlərim olduqca düz hərəkət ediblər. Bu gün həyatda qazandığım uğurlara görə onlara borcluyam. Bəlkə də musiqiçi olmasaydım maraqlı həyat yaşaya bilməzdim. Valideynlər hər zaman övladlarına doğru yolu göstərirlər. Mən uşaq olanda idman ölkəmizdə bu qədər inkişaf etməmişdi. İndi idmanla məşğul olmaq üçün hər bir şərait var. Ölkə rəhbərliyi tərəfindən idmana böyük diqqət ayrılır. Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Bütün bunlar ölkəmizin dünyada tanınmasına səbəb olur. Ailəm etiraz etməsə idi, bəlkə də peşəkar idmançı ola bilərdim.

- Sən uşaq və qocalar evlərində, hərbi hissələrdə, həm də dövlət tədbirlərində ən çox çıxış edən musiqiçilərdənsən.

- Bu mənim xarakterimdən irəli gəlir. Həyatı təkcə maddi qazanclara görə yaşamaq olmaz. Mənəvi qazanc, maddi qazancdan çox üstündür. Bunu unutmamalıyıq. Qocalar evlərində, hərbi hissələrdə olmaq hər bir vətəndaşın borcudur. Mən dövlət tədbirlərində də hər zaman böyük həvəslə iştirak etmişəm. Ölkəmizi təmsil etməkdən, musiqimizi tanıtmaqdan qürur duyuram. Əcnəbi vətəndaşlar Azərbaycanın mədəniyyətinə, musiqisinə böyük maraq göstərirlər. Respublikamız mədəniyyəti, tarixi, idmanı ilə dünyada tanınır. Bu, bizim hamımızın sevincidir.

- Maraqlıdır, həmişə nikbin gördüyümüz Səlim həyatda ən çox nədən qorxur?

- Allahın qəzəbinə tuş gəlməkdən qorxuram. Ürək qırmaqdan, günah işlətməkdən çəkinirəm. Tez-tez özümə hesabat verirəm. Düzdür, bu hesabatdan üzüağ çıxmaq hər insana nəsib olmur, çalışıram ki, savab əməllərim çox olsun. Faydalı işlər görəndə ürəyim rahat olur. Bundan mənəvi zövq alıram. Bu da mənim dünyamdır...

- Bəs, bürclərə inanırsan? Səncə bürcün xasiyyətə təsiri var?

- Bəzən inanıram. Şir bürcünə xas olan bir çox cəhətləri daşıyıram. Diqqət mərkəzində olmağı sevirəm. Deyilənə görə açıq ürəkli biriyəm. Məqsədimə doğru həvəslə irəliləməkdən zövq alıram. Çəkdiyim əziyyətin bəhrəsini görmək məni ruhlandırır.

- "Şirlər” pul qazanmağı, yaxşı yaşamağı sevir. Bəs, xərcləməyi necə?

- Doğrudur. Bu bürcün xüsusiyyətlərindən biri də yaxşı yaşamaq istəyidir. Bunun üçün əvvəlcə yaxşı qazanmaq, sonra xərcləmək lazımdır. Düzünü deyim ki, pul xərcləməyi sevirəm. Lakin yığmağı da bacarıram. Bəzi insanlar pulu özlərindən çox istəyirlər. Belə halların dəfələrlə şahid olmuşam. Dost kimi görünməklə, dost olmaqda böyük fərq var.

- Yeri gəlmişkən, əsl dost qazana bilmisən?

- Düşünürəm ki, qazana bilmişəm. Sənət aləmində dostlar qazansam da, atamı və qardaşlarımı özümə ən yaxın dost hesab edirəm.



2948 oxunub