Ağacan Abiyev:“Nəsiminin əsərləri yüksək poetik ifadələrlə zəngindir”


Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan olundu. "Nəsimi il”nin əhəmiyyəti və dahi şair barədə fikirləri öyrənmək üçün millət vəkili, professor Ağacan Abiyevlə görüşüb söhbət etdik. Müsahibəni oxuculara təqdim edirik.

- Ağacan müəllim, bildiyiniz kimi 2019-cu il ölkə prezidentinin Sərəncamına əsasən, "Nəsimi ili” elan olundu. Millət vəkili və poeziyasevər kimi fikirləriniz bilmək maraqlı olardı...

- "Dövlət başçısının İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı böyük əhəmiyyət daşıyırdı. Bu, görkəmli Azərbaycan şairi və mütəfəkkirinin ruhuna böyük hörmətin göstəricisidir. İmadəddin Nəsiminin xatirəsinə dövlətimiz tərəfindən daim diqqət göstərilib. Nəsiminin adının əbədiləşməsi istiqamətində çox sayda addımlar atılıb. Hələ ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyi keçirilmişdir. Bundan başqa, İmadəddin Nəsiminın adı UNESCO-nun görkəmli şəxsiyyətlər siyahısına daxil edilib. Onun adı ilə bağlı beynəlxalq tədbirlər keçirilib, araşdırma və tədqiqat işləri aparılıb. 1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəli ucaldılıb, şairə həsr olunmuş film çəkilib və bu filmdə onun bədii obrazı yaradılıb. Keçən dövr ərzində İmadəddin Nəsiminin xatirəsini əbədiləşdirmək istiqamətində bir sıra işlər görülüb. Həmin işlər sırasında onun vəfatının 600 illiyinin 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında qeyd edilməsi, 2018-ci ilin sentyabr ayında Azərbaycanda Nəsimiyə həsr olunmuş şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi təqdirəlayiqdir. Bu il isə xüsusi əhəmiyyət daşıyır. Çünki şairin 650-ci yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti bu əlamətdar hadisənin layiqli səviyyədə qeyd olunması məqsədi ilə hələ 2018-ci il, noyabrın 15-də "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdı.

- Nəsiminin poeziyasında ən çox diqqətinizi çəkən məqamlar hansılardır?

- Nəsimi poeziyasının əsas mövzuları insan, bəşəriyyət, məhəbbət və Allahdır. Nəsimi öz dövrünün uzaqgörən ziyalısı idi və cəmiyyəti tərbiyə etmək o dövrdə daha da çətin idi. Nəsimi öz iradəsinə sadiq, cəsarətli şair olub. Nəsiminin əsərləri yüksək poetik ifadələrlə zəngindir. Bu misraları isə xüsüsi ilə qeyd etmək istərdim:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,

Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam...

Və ya:

Canımı yandırdı hicrin, ey Nigarım, hardasan?!

Gözlərim nuru, iki aləmdə varım, hardasan?!


Başqa bir qəzəlində isə deyilir:


Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.


- Bu misralar "Nəsimi” filmini gözümüzdə canlandırır...

- Nəsimi filmini həyacansız izləmək olmur. Bu film böyük şairin yaddaşlarda yaşamasında, gələcək nəslillərin onu xatırlamasında, tanımasında böyük rol oynayır. Filmdən də göründüyü kimi Nəsimi çarmıxa çəkiləndə də yolundan dönmür. Ondan soruşurlar: " Əgər Allahsansa, bəs rəngin niyə saralıb?”. Nəsimi isə deyir: "Bədbəxt, səni gözündə tor var. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə, əlbəttə, saralar”. Bu ifadələrdə böyük məna var. Nəsimi poeziyasının illər sonra da yaşayacağını bilirdi. Çünki, o dövrünün ən ali təhsilini almış, dinlərin tarixini öyrənmiş, özünü hərtərəfli inkişaf etdirmiş bir şəxsiyyət idi. Onu anlamaq üçün həmin dövrdə ən az Nəsiminin bilik səviyyəsində olmaq lazım idi. Digər bir tərəfdən, 600 il öncə yazıb-yaradan, ali dərəcəli savad sahibi olan bir şairin həyatı haqsızlıqla, zülmə dolu olub. İşgəncəyə məruz qalaraq edam olunması isə Nəsimini şəhidlik zirvəsinə ucaldır. Ölümündən 600 ildən artıq vaxt keçsə də, şair şeiriyyəti, fəlsəfi fikirləri ilə bu gün də bəşəriyyətə xidmət edir.



14924 oxunub