“10 yaşın mübarək, Teleradio Akademiyası”


Danışır Bakı... 94 il öncə Azərbaycan radiosu xalqa belə səslənirdi. Bu gün isə həm danışır, həm göstərir, həm də öyrədir AzTV Akademiyası. 
Azərbaycan Televiziya ve Radio Verilişləri QSC-nin Teleradio Akademiyasının artıq 10 yaşı tamam olur. 
Teleradio adı mənim üçün məxsusi yer tutur, çünki bu gözəl təhsil ocağının bir parçası olmuşam. 
10 ildir yaranan, lakin fəaliyyətə 2019-cu ildən başlayan bu tədris ocağı televiziya ve radio sahəsi üzrə mütəxəssislər yetişdirir. İşi ocağından- AzTV məktəbindən öyrənən dinləyicilər televiziya kanallarında çalışdıqda artıq peşəkar əməkdaşa çevrilirlər. Yüksək peşəkarlıqla tədris ocağının fəaliyyətini davam etdiren Teleradio Akademiyasının rektoru, əməkdar jurnalist Faiq Hüsiyev isə tələbələrin sevimlisinə çevrilib. Teleradio Akademiyası sadəcə bir təhsil ocağı deyil, bizlər üçün gözəl bir ailə idi. Bu ailənin fərdləri bacaracaqlı, istedadlı, ürəkləri peşələrinə sevgiylə aşıb-daşan gənclər idi. Peşəkar müəllimlərimiz isə bizə jurnalistika sahəsinin məsuliyyətini, incəliklərini öyrədirdilər. Televiziya jurnalistikasının zəhmətkeş simaları olan müəllimlərimiz Faiq Hüsiyev, Rafiq Savalan, İlham Rəhimli, Rafiq Həşimov, Zərifə Əliyeva, Sevda Ağazadə, Yunis Orucov, Sərvər Bayramov, Azər Cabbarov, Natavan Dəmirçioğlu, Nərgiz Cəlilova, Dilarə Səlim, Sevda Abdullayeva və aramızdan ayrılıb Haqq dünyasına qovuşan Cavanşir Cahangirov xatirəmizdə əvəzsiz iz buraxdılar. 
Biz dəyərli müəllimlərimizdən öyrəndik ki, jurnalist peşəsi sosial məsuliyyətdir. Ədalət isə əsas prinsipdir. Əgər, ədalət tarazlığı pozulsa, bu cinayətə bərabərdir. 
Akademiya təhsil verməklə yanaşı, həm də istedadlı insanlar üçün bir meydan oldu. Bir gün müəlliməmiz əməkdar artist Sevda Ağazadənin təşəbbüsü ilə tələbələr arasında "Kiçik hekayələr” layihəsi təşkil olundu. Bu fikir, müəlliməmizin bizə sevdirdiyi Ernest Heminqueyin yazdığı qısa hekayələrdən ilhamlanaraq ərsəyə gəldi. Biz də öz növbəmizdə duyğularımızı sətirlərə töküb, qısa hekayə halında çatdırmağa çalışdıq. Müəllimlərimiz bu təşəbbüsü və yazıları yüksək qiymətləndirdilər. Bəyənilən yazılar içərisində mənim də qısa hekayəmin olması çox xoş idi. Professor, teatrşünas-tənqidçi İlham Rəhimlinin isə  qələmin gözəldir söyləməsi qürurla xatırlayacağım bir qiymətləndirmədir.
Akademiyada xarici və yerli televiziya və elm sahəsinin mütəxəssisləri ilə görüşlər keçirilirdi. Maraqlı diskussiya , səmimi fikirlər mübadiləsi şəraitində keçən tədbirlər gözəl xatirə olaraq yaddaşımızdadır.
Eyni məktəb illəri kimi hər günümüz qayğısız və öyrənərək keçirdi. Çox zaman qatıldığımız ictimai-siyasi "Əsas Məsələ” verilişindən bir çox şey öyrəndik. Gələn qonaqlara vətəndaşları maraqlandıran suallar ünvanlaya bilirdik. Praktikada olduğumuz dönəmdə tanınmış şərhçi, jurnalist Rövşən Binnətli də bizimlə öz bilik və təcrübələrini paylaşırdı. İşə olan maraq, sevgi ve bacarığımızın peşəkar jurnalistlər tərəfindən qiymətləndirilməsi, bizim üçün daim stimul oldu. Biz müxbir peşəsi üzrə təhsil aldıq, lakin yerine yetirmək bacarıq, sevgi, həm də ən önəmlisi vicdan işidir. 
Çünki vicdan bütün peşələri icra edərkən əsas şərtdir.
Teleradio Akademiyasının ilkin tələbələrindən olduğumuz, dəyərli müəllimlərdən dərs aldığımız üçün fərəh hissi keçiririk. Yaradılan şəraitə görə AzTV-nin sədri Rövşən Məmmədova, Teleradio Akademiyasının rektoru Faiq Hüsiyevə  təşəkkür edirik. Daim uğurlar diləyi ilə 10 yaşın mübarək, Teleradio Akademiyası!

Teleradio Akademiyasının məzunu
Fidan Bağırova

18313 oxunub