Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan olundu-FOTOLAR-Bursa


Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində TÜRKSOY-un Daimi Şurasının Türkiyənin  Bursa şəhərində keçirilən iclasında iştirak edib. Tədbirdə Anar Kərimov mədəniyyətimizin beşiyi sayılan Şuşanın təqdimatı ilə çıxış edib. Təqdimatda qədim və zəngin tarixə malik Şuşa haqda geniş məlumat verilib. 

Mədəniyyət nazirliyinin şöbə müdiri Məryəm Qafarzadənin "Sporttimemagazine.az” saytına verdiyi məlumata götə, təqdimatda 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğu vurğulanıb, uzun illər Qarabağ xanlığının paytaxtı və əsas müdafiə qalası olmuş Şuşanın mədəniyyətimizin çiçəkləndiyi şəhər olduğu qeyd olunub. 

Bildirilib ki, Şərq memarlığı üslubunda salınmış Şuşa şəhəri 17 məhəllədən ibarətdir. Hər bir məhəllənin öz məscidi, hamamı və bulağı olub. Sənətkarlığın və incəsənətin müxtəlif sahələri şuşalıların əsas ruhunu təşkil edir. 

Təqdimatda işğaldan azad olunmuş mədəniyyət ocağımız Şuşanın tarixinə, dirçəlməsinə dair videoçarxlar nümayiş olunub.
Tədbirdə Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Məryəm Qafarzadə bildirib ki, Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunması hamımız üçün qürurvericidir.  


7784 oxunub