Gimnastlarımız beynəlxalq turniri 9 medalla başa vurublar





Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə "Pharaoh’s Cup” beynəlxalq turniri başa çatıb.
Sporttimemagazine.az xeber verir ki, 18-20 avqust tarixlərində keçirilən yarış Azərbaycan milli komandası üzvlərinin uğurlu çıxışı ilə yadda qalıb.
Belə ki, ən yüksək nəticəni qadın idman gimnastı Xədicə Abbaszadə qazandırıb. Yeniyetmələr arasında (2010-cu il) çıxış edən təmsilçimiz dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medala layiq görülüb.
2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu yaş kateqoriyasında çıxış edən digər gimnastımız Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib olub.
Kişilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medallar əldə ediblər.


3700 oxunub