Jalə Rzabəyli: “Poeziya və musiqi ruhumun qidasıdır”


İdman ictimaiyyətinin, ziyalıların sevilən jurnalı "Sport Time”ın təsisçisi və baş redaktoru, yazıçı-jurnalist Jalə Rzabəyli ilə olan söhbətimiz yaradıcılıq, poeziya, idman və musiqi ilə bağlı oldu. Səmimi söhbətimizi oxuculara təqdim edirik.

-Jalə xanım, artıq beş ilə yaxındır ki, baş redaktoru olduğunuz "Sport Time” jurnalı işıq üzü görür. Belə bir jurnal nəşr etmək istəyi necə yarandı?

- Ümumiyyətlə, yaradıcı insanlar hər zaman yenilik etmək, qurub-yaratmaq həvəsi ilə yaşayırlar. "Sport Time” jurnalı idmanın inkişafına, dövlətimizin idman siyasətinə xidmət göstərmək istəyimin göstəricisidir. Jurnalın ilk sayının Avropa Oyunları ərəfəsində nəşr olunması təsadüfi deyildi.Ölkəmizdə keçirilən möhtəşəm idman tədbiri olan I Avropa Oyunları jurnalın ərsəyə gəlməsi istəyimi sürətləndirdi.

- Jurnalda idmanla bərabər maraqlı müsahibələr, rubrikalar da yer almaqdadır...

- Bəli, jurnalda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı ilə yanaşı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti və diğər mövzular yer alıb. Çalışırıq ki, jurnalda tanınmış insanlardan maraqlı reportajlar, müsahibələr və fotosessiyalar da hazırlansın. Bu arada istedadlı uşaqları da unutmuruq. Oxucular müxtəlif zövqə malikdirlər. Bu baxımdan, oxucuları hər zaman nəzərə almaq lazımdır. Jurnalda həmçinin "Milli ruh, milli geyim”, "Mənim qarderobum”, "Fotoların dili ilə”, "Balaca İstedadlar” rubrikaları da təqdim edilib. Bu rubrikalarda idmançılar maraqlı obrazlarda təqdim olunublar. Jurnalda Olimpiya komplekslərinin fəaliyyəti, müxtəlif idman növləri ilə məşğul olan idmançılar barədə məlumatlar yer alıb.

- Bəs özünüz hansı idman növünə maraq göstərmisiniz?

- Mən üzgüçülük idman növünü çox sevirəm. Atçılıq və atıcılıq idman növlərinə də marağım olub. Onu da deyim ki, qızım atıcılıqla məşğul olur. Ailəmizdə hamı idmanı sevir. İdmanın faydalarını saymaqla bitməz. Bu, ən əsası cəmiyyətin sağlam həyat tərzində yaşamasına gətirib çıxarır. Uşaq və gənclərin pis vərdişlərdən uzaq olmasında idmanın böyük rolu var. Təsadüfi deyil ki, sağlam olan və uğur qazanan insanların əksəriyyəti məhz fəal həyat tərzi keçirən insanlardır. Fəal həyat tərzinin ən gözəl yolu isə idmanla məşğul olmaqdır.

"Böyük zəhmət, təcrübə və yaradıcılıq tələb edən işlər asanlıqla əldə olunmur”

- "Sport Time” jurnalının gələcək planları barədə nə deyə bilərsiz?

- Planlar çoxdur. Müxtəlif tədbirlər, təqdimatlar həyata keçiririk və fəaliyyətimiz davam edir. Böyük zəhmət, təcrübə və yaradıcılıq tələb edən işlər asanlıqla əldə olunmur. Ən əsası isə işimizə olan həvəsimizdir. İnanırdım ki, çəkdiyimiz zəhmət öz bəhrəsini verəcək və belə də oldu: "Sport Time” idmansevərlərin və ziyalıların yaxın dostuna çevrildi.

- Siz eyni zamanda, bir çox musiqilərin və şeirlərin də müəllifisiniz. Şairə olmaq, musiqi ilə yaşamaq necə hissdir?

-Mən ilk şeirlərimi hələ məktəb illərində yazmışam. Musiqi ilə də elə məktəb illərində, fortepiano təhsili alaraq məşğul olmuşam. İstedad yaradıcı insanlara Allah tərəfindən verilən qiymətli xəzinədir. Bu baxımdan, Yaradana çox minnətdaram. Musiqi və poeziya ilə yaşamaq ruhumun qidasıdır. Həssas bir ürək daşımaq çox vaxt məni incitsə də, bundan heç vaxt şikayətçi olmamışam. Gördüyü işlərə ürəklə, sevərək yanaşmaq yaradıcı insanlara zövq verir. Eləcə də mənə.

-Yaradıcılığınızda sizə uğurlar arzulayırıq.İstərdik oxuculara sevilən şeirlərinizdən təqdim edək.

Sən qaldığın bu şəhərdə qalıram,

Həm həsrətdə, həm qəhərdə qalıram,

Yüklənməyən bir yəhərdə qalıram,

Tək sevdiyim gözüm nuru bir yarsan

Bu şəhərdə heç olmasa sən varsan...


Sevəmmirəm sonu gəlməz yolunu,

İstəmirəm quru budaq qolunu,

Mən sağdayam, sən seçmisən solunu,

Mən boz torpaq , sənsə yağan ilk qarsan

Bu şəhərdə heç olmasa sən varsan...


Bu şəhərdə həm təkik, həm pərişan,

Gəl yerini, gülüm, barı ver nişan,

Olduq özgə, olanmadıq qovuşan,

Mən kamanam, sən inləyən o tarsan,

Bu şəhərdə heç olmasa sən varsan...


Səndən uzaq xəyalınla qalıram,

Nəfəsini küləklərdən alıram,

Sən gedəndən varlığımı danıram,

Məni tapıb qollarınla kaş sarsan

Bu şəhərdə, axı gülüm sən varsan...

-----

Qəlbimdə xəstəlik axtarma, təbib,

Yorma gözlərinin heç qarasını.

Tibbin məharəti o gücdə deyil,

Cihazlar anlamaz söz yarasını.


Bir möhkəm ürəklə dəyiş qəlbimi,

Bu qəlbin əlindən gəlmişəm zara.

Örtməsə qəlbimi ümid, təsəlli,

Bu ürək çıxartmaz məni bahara.


 Müsahibəni hazırladı: Xanım Məmmədli


8338 oxunub