Kişilərdən ibarət voleybol millisinə yeni baş məşqçi seçilib


Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, qurumun İdarəyə Heyətinin geniş iclasında bu vəzifəyə Fərid Cəlalov seçilib.

AVF-nin prezidenti Şahin Bağırov yeni baş məşqçiyə inandıqlarını bildirib.

Fərid Cəlalov yığmanın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planı barədə danışıb.

Sonra yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma komandaların qarşıdakı yarışlara hazırlıq planlarını təqdim edib. Həmçinin yeniyetmə və gənc oğlanlardan ibarət yığmalara yeni rəhbər təyin olunmuş Cahangir Seyed Abbasi da kollektivə təqdim olunub. İranlı mütəxəssis gənclərin seçimi və yarışlara hazırlıqla bağlı proqramı nümayiş edib.

İclasda Faiq Qarayev və Bəhruz Quliyev yeni təyinatlar və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

 


3334 oxunub