Atıcılarımız Avropa çempionatından medallarla qayıdıblar-FOTOLAR


"Növbəti yarışlarda lisenziya qazanmağa çalışacağam. Fəxr edirəm ki, Azərbaycan Bayrağını Avropada layiqincə dalğalandırdım. İnəanıram ki, uğurumuzun davamı olacaq”.Bu sözləri Macarıstanın Dyör şəhərində keçirilmiş güllə atıcılığı üzrə Avropa çempionatında bürünc medal qazanan Azərbaycan yığmasının üzvü Zeynəb Sultanova deyib.

O, yeniyetmələr arasında ilk dəfə belə uğura nail olduqlarını bildirib.

Digər bürünc medalçı Sofiya Barxalova yarışın onlar üçün çətin keçdiyini söyləyib: "Medal qazandığımız üçün xoşbəxtik. Avropa çempionatında fəxri kürsüyə qalxacağımıza inanırdıq. Gələcəkdə daha böyük nəticələr əldə edəcək, Azərbaycana qızıl medallarla gələcəyik”.

Qarışıq komanda yarışında üçüncü yeri tutan Leyla Əliyeva növbəti yarışlardan qızıl medalla dönmək istədiyini deyib.

İmran Qarayev yeddi illik idmançı karyerasında ilk dəfə medal qazandığını bildirib. O, hədəfinin Olimpiya Oyunlarında da yüksək nəticə göstərmək olduğunu vurğulayıb.

Yığmanın məşqçisi Böyükxanım Astanova da yarışla bağlı təəssüratlarını bölüşüb: "Bu, bizim üçüncü yarışımız idi. Almaniyadakı turnirdə bürünc medal qazansaq da, İspaniyada nəticə əldə edə bilməmişdik. Trio yarışında ilk dəfə çıxış etməyimizə baxmayaraq, bürünc medala sahib çıxdıq. Uğurumuz atıcılıq üzrə böyüklərdən ibarət yığmanın idmançılarına da stimul verəcək”.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə üç bürünc medal qazanıb. Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv komanda yarışında, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət komanda isə trio yarışında 3-cü yeri tutublar.


3309 oxunub