"Bizi çətin yarış gözləyir"


"Komandamızın məşqləri gündə iki dəfə olmaqla yüksək səviyyədə keçirilir. Gimnastlarımızın hər biri yarışa tam hazırdır". Bu sözləri Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət yığmasının məşqçisi Eldar Səfərov Bakıda keçiriləcək Dünya Kuboku öncəsi təşkil olunan məşqdə jurnalistlərə açıqlamasında deyib.

Yığmanın üzvü Nikita Simonovun halqalarla hərəkətdə lisenziya qazanacağına inamını ifadə edən məşqçi bildirib: "Bu, iştirak edəcəyimiz üçüncü Dünya Kubokudur. Keçən il Almaniyada təşkil olunan turnirdə gimnastımız Nikita Simonov halqalarda qızıl medalın sahibi oldu. İdmançılarımızın hər birinə inanırıq. Yarışda yüksək nəticə qazanmaq üçün əlimizdən gələni edirik. Dünya Kubokunda 67 ölkədən ən güclü idmançılar mübarizə aparacaqlar. Bizi çətin yarış gözləyir. Amma inanırıq ki, hər şey xeyrimizə olacaq".

Qeyd edək ki, "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə Azərbaycanı 6 idmançı təmsil edir. Yarış martın 7-10-da Milli Gimnastika Arenasında keçiriləcək.


2655 oxunub