Ordubadda Novruz bayramı və “Xan” bəzənməsi- Fidan Türk yazır


Uşaqdan böyüyə hər kəsin sevinərək qarşıladığı fəsildir yaz. Yazı müjdələyən Novruz bayramı isə xalqımızın tarixində mühüm yer tutur və əsrlərdir ki, həvəslə qeyd olunur. Novruzda yazın gəlişi, torpağın oyanması, suların coşması dörd ayrı çərşənbə ilə vəsf olunur; Su, od, yel və torpaq. 
Qədim türk tarixində Ergənəkon adıyla bilinən Novruz bayramında süfrələr səməni, şəkərbura, paxlava və bir sıra nemətlərlə bəzənər, böyüklər ziyarət olunar, insanların ətrafına toplaşıb üstündən tullandığı od qalanar, keçəl, kosa kimi maraqlı obrazlarla el şənliyi qeyd olunar.

Türk dünyasında sevilən bu bayram adət-ənənələrinə bağlılığı ilə bilinən qədim Naxçıvan torpağında daha böyük coşğu ilə qarşılanır. Naxçıvanın bütün rayonları, əsasəndə Ordubad rayonu böyük həvəslə və xüsusi tədbirlərlə bayram ənənəsini bu gün də yaşadırlar. Novruzu yeni ilin gəlişi kimi qeyd edirlər. 
Ordubadın məşhur Sərşəhər adlanan böyük meydanında səhnəciklər qurular, "Xan” bəzənər, tonqal ətrafında maraqlı oyunlar oynanılar. Rayonun digər kəndlərindən də bayramda buraya axın olar. Xan bəzənməsi ifadəsi Ordubadlılara tanış sözdür. Gəlin, bilməyənlər üçün bu səhnəcik haqqında danışaq. Belə ki, insanlar içindən bir nəfər "Xan” obrazı üçün seçilər. Üç gün ərzində o, "Xan” kimi geyinər, başına tac qoyular və hündür taxtda əyləşdirilər. Arada təlxəklər gəlib Xanı güldürməyə çalışarlar, ancaq önəmli məqam burasındadır ki, "Xan” gərək gülməsin. Əgər gülərsə, "Xan” hovuzda suya basılar və yerinə yeni "Xan” seçilər. Yox, əgər "Xan” bu üç gün ərzində ciddiliyini qoruya bilərsə, insanların gətirdiyi xələtləri qazanmış olar. Onu da qeyd edək ki, uzun illərdik ki, tamaşadakı "Xan” obrazını eyni şəxs icra edir.

Xüsusi məqamı da qeyd etmək lazımdır. Novruz bayramında Ordubadın uca dağlarının başında tonqallar qalanar. Bu zaman, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız da öz ərazilərində dağlarda od qalayar. Bunun səbəbi, o taylı bu taylı soydaşlarımızın bayramlaşmasıdır.


 Eyni zamanda, Ordubadın bütün kəndlərində meydanlarda bayram şənliyi təşkil olunar. Aralarında Vənənd kəndi isə bayramın maraqlı qeyd olunmasında məxsusi yer tutur. Kəndin meydanında yaşı üç əsrdən çox olan Çinar ağacının ətrafında hər il Novruzda el şənliyi qeyd olunar. Son çərşənbə (bu bölgədə yeddiləvin də deyilir) meydanda tonqal qalanar və səhnəciklər hazırlanar. Bununla yanaşı hədiyyəli oyunlar oynanılar və kənd camaatı müxtəlif hədiyyələr qazanar. 

Mehribanlığı, qonaqpərvərliyi ilə bilinən Ordubad camaatı Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qarşılayır. 
Həm Novruz bayramı, həm də bir çox el adətləri Ordubadda xalq tərəfindən qorunur və yaşadılır. 

Fidan Türk

5665 oxunub