Professor: "Bu məmləkət mənə çox doğmadır"


"Novruz bayramı ilə əlaqədar Naxçıvandayam, məqsədim burada keçirilən bayram tədbirlərini fotoaparatımın yaddaşına köçürməkdir. Ümumiyyətlə, bu məmləkət mənə çox doğmadır. Ata evim Ordubad rayonundadır, uşaqlıq illərim orada keçib. Bildiyimiz kimi, bu il muxtar respublikanın 100 yaşı tamam olur. Mən də fevral ayında ölkəmizin bu qədim diyarının yubileyi ilə bağlı Bakıdakı Rus evində "Sehirli Ordubad” adlı sərgi keçirdim. Bu münasibətlə Naxçıvan şəhərində və Ordubadda da fotosərgi açmaq istəyirəm". 

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Azərbaycan Fotoqraflar Birliyinin təmsilçisi, tanınmış fotoqraf, professor Aydın Mehdiyev söyləyib.

O deyib: "Məni Naxçıvana çəkib gətirən digər bir səbəb isə sevə-sevə çəkdiyim Batabat, Göygöl, Əshabi-kəhf, Xaraba Gilan kimi təbiət abidələridir. Buranın təbiətində elə məkanlar var ki, onların hər birini sanki heykəltaraş işləyib. Naxçıvanın təbiət möcüzələrini saymaqla bitməz, hərəsi bir sirdir. Ən maraqlısı isə Göygöldən aşağıya doğru enən hissə və Pəzməri şəlaləsidir. Ümumiyyətlə, buranın dağlarındakı simaya, gözəlliyə heç yerdə rast gəlməmişəm. Naxçıvanda enerji itmir, sadəcə bir formadan başqa formaya keçir”.

"Bu torpaqda böyüyən biri kimi həmişə buranın gözəlliklərini dünyanın hər yerində tanıtmaq üçün əlimdən gələni əsirgəmirəm. Naxçıvanın təbiəti müxtəlif beynəlxalq sertifikatlar qazanmağıma səbəb olub. May ayında 10 tanınmış fotoqrafla birgə Naxçıvanın füsunkar təbiətini lentə almağa gələcəyik”, - deyə Aydın Mehdiyev əlavə edib.


3979 oxunub