Elm yoxsa buğda? Yunus Əmrəni hikmətə çatdıran yol - Fidan Türk yazır



Biz Yunus Əmrəni böyük türk şairi, mütəfəkkir, sufi kimi tanıyırıq. "Gəl gör məni eşq neylədi?”, "Bir kəz könül yıxdın isə” və s. kimi məşhur şeirləriylə sevilən şairin müdrikliyə gedən həyat yolu olduqca maraqlıdır. Yunus Əmrənin başından elə bir hadisə keçir ki, bu, qiymətli nəsihətə çevrilir. Şairin həyatı haqqında çox məlumat olmasa da, xalq arasında yayılan hekayə və rəvayətləri çoxdur. 
Rəvayətlərin birində deyilir ki, yaşadığı kənddə bir ara şiddətli quraqlıq dövrü olur. İnsanlar məhsul əldə edə bilmirlər və kəndin yaşlıları çarəni övliya Hacı Bektaş Vəlidə görürlər. Yunusu onun yanına göndərmək qərarına gəlirlər. Hacı Bektaş Vəli o zamanlar kasıblara, ehtiyacı olanlara etdiyi yardımlarla tanınan övliya idi. Gedərkən Yunus özü ilə kiçik hədiyyə də aparır. 
Övliyanın hüzuruna çatıb, dərvişlərə deyir: "Mən kasıb adamam. Bu giləmeyvələr övliyaya hədiyyədir. Xahiş edirəm onları qəbul edin və əvəzində mənə bir az buğda verin. Çünki aclıq bizi məhv edib..."
Bu vəziyyətdən xəbər tutan Hacı Bektaş Vəli Yunusla maraqlanır, onun gizli istedad və potensialını kəşf edir. Onu bir neçə gün dərviş evində qonaq saxlayır. Lakin ailəsinin ondan yemək gözlədiyini bildirən Yunus yola çıxmaq üçün dərvişlər vasitəsiylə icazə istəyir. Dərvişlər vəziyyəti Hacı Bektaş Vəliyə söyləyirlər. O da Yunusa belə bir xəbər göndərir:
"Yunusdan soruşun, buğda istəyir, yoxsa övliyaların himmətini? (Himmət sözü insanın kamilliyə çatması üçün qəlbi ilə Allaha üz tutmaq mənasını verir).
Çarəsiz Yunus da buğda istəyir. Hacı Bektaş Vəli onu oyatmaq üçün təklifini təkrar etsə də, Yunus hər dəfə buğdaya üstünlük verir. Övliya Hacı Bektaşın əmri ilə ona istədiyi buğda verilib yola salınır. Arzusuna çatdığı üçün sevinən Yunus dərviş evindən çıxıb kəndinə doğru yola düşür və baş verənləri düşünməyə başlayır. Düşündükcə səhvinin böyüklüyünü anlayır. 
Yunus yarı yoldan geri dönür və övliyanın hüzuruna yetişir. Təlaş və peşmanlıq içində dərvişlərə deyir: "Buğdanı geri götürün və övliyaya deyin ki, mən  ondan himmət istəyirəm".
Lakin Hacı Bektaş Vəli Yunusa belə cavab verir: "Gecikmisən, oğul, artıq sənin taleyinin açarı Tapduk Əmrədədir”.
Bu cavabdan sonra Yunus birbaşa övliya Tapduk Əmrənin dərviş məskəninə gedir. Baş verənləri ona danışır. Onu sakitcə dinləyən Tapduk Əmrə deyir: "Yunus, qulluq et, himmət edim!” Sonra Yunusa dərviş məskəni üçün odun daşımağı tapşırır. Qəlbi Allahın və həqiqətin sirlərinə çatmağın həyəcanı ilə alışıb-yanan Yunus verilən tapşırığı böyük eşqlə yerinə yetirməyə başlayır. 
Yunus dərviş evinə odun gətirmək vəzifəsini yerinə yetirərkən uzun illər zəhmət çəkir. O qədər diqqətli olur ki, gətirdiyi hər taxta parçasının qələm kimi düz olmağına fikir verir.
Tapduk Əmrə bir gün Yunusun gətirdiyi odun parçalarından birini götürərək soruşur: "Yunus, çoxdandır səndən bir şey soruşmaq istəyirəm: "Bu ağacların hamısı belədir? Hamısı ox kimi düzdür?"
-Hamısı belədir.
-Bu illər ərzində dağda heç əyri taxtaya rast gəlmədinmi, Yunus?
Yunus bu cavabı verir: "Bilirəm ki, sizin qapınızdan içəri heç bir əyrilik girməz, bu, odun belə olsa”
Beləcə günlər ayları, aylar illəri əvəz edirdi. Yunus canla-başla xidmətini davam etdirirdi. Ancaq zaman keçməsinə baxmayaraq, özündə heç bir irəliləyiş görmürdü. Bu onu çox kədərləndirirdi. "Bu işin nəticəsi necə olacaq?",-deyə özlüyündə gileylənirdi. O, nə edəcəyini bilmirdi. Nəhayət, dərviş məskənini tərk edib onu kamilliyə aparacaq başqa bir yol axtarmağa qərar verdi. Səssizcə çıxıb yola düşdü. Yolda onun kimi kamilliyə gedən yol axtaran daha iki insanla tanış oldu və onlar birlikdə yola qoyuldular. Yolda onları aclıq və susuzluq gözləyirdi. Lakin onlar ac qaldıqları zaman yoldaşlardan biri yemək üçün dua etdi və  duası tez zamanda qəbul olundu. Ertəsi gün yenə ac olduqları vaxt ikinci yoldaş dua etdi. Yenə də duası tez qəbul oldu və onlara yemək ehsan olundu. Onlar buna şükür edib,  yollarına davam etdilər. Yunus isə bu vəziyyətə çox təəccüblənir və belə düşünürdü: "Bu insanlar heç kimə xidmət etmədən bu kamilliyə nail olublar, ancaq mən uzun illər göstərdiyim xidmətlərdən heç nə qazanmadım. Nə yaxşı ki, o məskəni tərk etmişəm".

Nəhayət, ertəsi gün yemək üçün dua etmək növbəsi Yunusa çatır. Hər iki yoldaş deyir: "Buyur, dərviş, növbə sənindir, dua et". Yunus təlaşla deyir ki, dostlar, mənim duamla bir yarpaq belə tərpənməz. Bu məsələdə məni bağışlayın. Mənim dərəcəm çox aşağıdır. Mən sizin kimi Allah dərgahından ziyafət veriləcək biri deyiləm.
Dərvişlərin etirazıyla Yunus çarəsiz halda əllərini uca dərgaha qaldırıb ürəkdən yalvarır: "Ya Rəbbim! Bu aciz və yazıq qulun Yunusa bu dərvişlərə göndərdiyin süfrədən ehsan elədin. İndi o süfrə üçün dua edib sənə sığınmaq növbəsi mənə çatıb. Sən mənim günahlarıma baxmayıb  Öz lütfünlə rəftar et. Allahım, onlar kimin adının  hörmətinə Sənə dua edib lütfə nail oldularsa, mən də o qulun hörmətinə Sənə yalvarıram!”
 Və beləcə Yunusun duası qəbul olur və onlara böyük ziyafət verilir. Yunus da, yoldaşları da heyrətə gəlirlər: "Ay dərviş qardaş, bəs sən dua bilmirdin? De görək necə bir dua etdin ki, uca Allah belə bir hədiyyə göndərdi?"  Yunus bu mənzərə qarşısında heç nə deyə bilmədi.  Başa düşmədiyi üçün əvvəlcə yoldaşlarından izahat istədi: "Əvvəlcə siz deyin, dərvişlər, necə dua etdiniz?” 
Onlar da: "Dərviş qardaş! Bizlər  Tapduk Əmrənin qapısında uzun illər dillərə dastan bir şəkildə sədaqətlə xidmət edən Dərviş Yunusun üzü suyu hörmətinə dua edib yalvardıq”,- dedilər.
Bu həqiqəti eşidən Yunus:"Vay! Mən nə etdim!" ,-deyib yerindən sıçradı. Dərhal övliyanın yanına doğru yola düşdü. Yunus yoldakı dostlarının dualarından mənəvi olaraq nə qədər irəlilədiyini anlamışdı. Ancaq onu bu səviyyəyə çatdıran dərviş məskənini tərk etmişdi. Bu səbəbdən o, böyük peşmanlıqla dərviş məskəninə qaçdı.
Evə çatıb qapını döyəndə qapını Tapduk Əmrənin yoldaşı açdı və soruşdu: "Oğlum! Niyə belə etdin? Müəllimini incitdin". Qadın sonra Yunusun peşmanlıqla dolu gözlərinə və əyilmiş başına baxaraq ona yol göstərdi: "Oğlum! Övliya bir azdan evdən çıxacaq. Bu astanada gözlə. Astanada ayağı sənə ilişəndə soruşacaq ki, bu kimdir? Mən də " Yunusdur, əfəndim”,- deyəcəm. Əgər o: "Hansı Yunus?” desə, anla ki, səni ürəyindən çıxarıb. Onda çıxıb gedərsən. Əgər: "Bizim Yunusmu?” desə bil ki, o, səni bağışlayıb. Dərdli Yunus astanada gözləməyə başlayır. Birazdan Tapduk Əmrə qapıda görünür. Astanaya çatıb ayağı  Yunusa dəyəndə soruşur ki, bu kimdir? Xanımı da Yunusdur deyir. Möhtərəm ustad kiçik sükutdan sonra qarşısında gözyaşı tökən Yunusun halını hiss edərək təbəssümlə " Bizim Yunus mu?”,- deyir. Ardından da: "Oğlum, Yunus! Bir meyvə yetişdiyini özü bilməz. Onu ancaq bağban bilər. Necə ki, şagirdin kamilliyini ən çox müəllimi bilir, amma o səylərini davam etdirsin deyə bəlli bir mərtəbəyə qədər ondan həqiqəti gizlədərək onu daha da irəliyə aparar”.

Günlərin bir günü Tapduk Əmrə şagirdləri ilə söhbət edərkən səslənir: "Oğlum, Yunus, bizə hikmətli bir şeir söylə!” Yunusun qəlbindəki hikmət dəryası dilindən belə səslənir:

 "Sufilere sohbet gerek, ahilere ahret gerek,
Mecnunlara Leyli gerek, bana Seni gerek Seni.”

P.S: Yunus Əmrəyə mənəvi yolculuğunda müəllimlik edən, onun mürşudi Tapduk Əmrənin bu məşhur sözləri ilə bitiririk yazımızı. "Uyanma vakti geldiyse bir uyandıran olur elbet. Kimine Hızır, kimine uçan kuş, kimine biten ot… Kimine açan çiçek, kimine akan su, kimine dilsiz taş…”

Fidan Türk

10765 oxunub