Cəsarət Əhmədov: “Bütün fəaliyyətimin əsasında Vətənimə, dövlətimə və Prezidentimə olan sonsuz sevgim dayanıb”


Bu müraciətimi idman sahəsində çalışan bütün insanlara çatdırmaq istəyirəm. Demək istəyirəm ki, əgər biz idman sahəsində çalışırıqsa, biz o qədər ədalətli və səmimi olmalıyıq ki, aramızda bir-birimizə qarşı qısqanclıq hissinə yer olmasın. Cənab Prezidentimizin olduğu idman tədbirlərində bütün federasiya rəhbərləri iştirak etməlidirlər. Lakin bəziləri məhz qısqanclıqdan digər insanlara bu imkanı vermirlər. Səbəb də budur ki, həmin insanlar öz sahələrində şərəflə, ləyaqətlə çalışırlar. Onların qarşısını kəsənlər isə özləri o qədər ədalətsiz, o qədər qeyri-səmimidirlər ki, az sayda olan səmimi insanları Prezidentimizin yaxınlığında görmək istəmirlər.

"Heç vaxt vəzifə üçün çalışmamışam. Allahım və Vətənim üçün çalışmışam”

Dostlar, istəyirəm ki, məni olduğum kimi anlayasınız. Mən bu günə qədər idmanda Vətənimizə, dövlətimizə sədaqətlə və təmannasız xidmət etmişəm. Bu, bu gün də belədir, bundan sonra da belə davam edəcək. İndiyədək gördüyüm işlərin müqabilində heç nə almamışam və istəməmişəm. Bütün fəaliyyətimin əsasında Vətənimə, dövlətimə və Prezidentimə olan sonsuz sevgim dayanıb. Mənim səmimiyyətimə inanın. Məni tanıyan hər kəs bilir ki, heç zaman yaltaq, məddah olmamışam, belə bir niyyətim də olmayıb. Mən bu dövlətdən heç zaman vəzifə də ummamışam, deputat da olmaq istəməmişəm. Heç vaxt vəzifə üçün çalışmamışam. Allahım üçün, Vətənim üçün çalışmışam. Bu gün də mən xalqım üçün çalışıram, Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşatmaq üçün çalışıram.

"Ulu Öndər bu dövləti qurdu ki, vətənpərvər gənclərə buraxsın. Biz də idmanımızı inkişaf etdirib, özümüzdən sonra gələn gənc nəslə buraxmalıyıq”

Artıq 30 ildir ki, Bakıda yaşayıram və 90-cı illərdə paytaxtda baş verənləri canlı olaraq müşahidə etmişəm. İnsan var ki, tarixi yazır, insan da var ki, tarixi yaşayır. Mən də bu tarixi yaşayanlardanam. Həmin o tarixi ki, onun ən şanlı səhifələrinə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizi necə xilas etdiyi, müstəqil Azərbaycan dövlətini necə qurduğu əbədi olaraq həkk olunub. Heydər Əliyev bu dövləti qurmadı ki, ondan kimlərsə sui-istifadə etsinlər. Ulu Öndər bu dövləti qurdu ki, vətənpərvər gənclərə buraxsın. Biz də idmanımızı inkişaf etdirib, özümüzdən sonra gələn gənc nəslə buraxmalıyıq. Gəncləri qısqanmaq, onların önünü kəsmək qətiyyən olmaz. Ulu Öndər müstəqil dövlətimizdə idmanımızın inkişafının əsasını qoydu.

1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbərliyinə gəlməklə ölkəmizdə Olimpiya Hərəkatını tamamilə yeni, daha yüksək bir mərhələyə qaldırdı. Bütün bunlar bizim də qarşımıza konkret vəzifələr qoyur. Lakin bu vəzifələrin öhdəsindən ləyaqətlə gələ bilməyimiz üçün cənab Prezidentin təyin etdiyi postlarda əyləşən insanlar da ədalətli, dürüst və obyektiv olmalıdırlar.

İnanın ki, Harvardı və ya hansısa başqa bir məşhur universiteti bitirmək heç də əsas şərt deyil. Rəhbər şəxs doğuluşundan idarəçiliyi gözəl bilməli və ən əsası da ədalətli qərarlar verməlidir. Məhz ədalətli rəhbərlər insanların qəlblərində əsrlər boyu yaşayacaqlar. Onların ideyaları isə, ətraflarında olan aslan ürəkli şəxslərin əməllərində yaşayacaq.

Dostlar, hər kəs yadda saxlamalıdır ki, Allah-Təala sevdiyi qullarını hər zaman qoruyar və onları ən yüksək məqamlara çatdırar. Bu baxımdan Həzrət Yusifin həyatı bizə örnək olmalıdır.

Sonda sevgili Peyğəmbərimizdən bir hədisi diqqətinizə çatdırmaq istəyirəm. Həmin hədisdə deyilir: "Paxıl insanın qəlbinə heç vaxt iman sığmaz”. Paxıl insanlar oturduqları kürsüyə də layiq olmazlar. Onlar üçün vəzifədə olduqları müddət yalnız keçici bir dövrdür.

Dostlar, bu dediklərim mənim həyata baxışım, mənim həyat tərzimdir. Əgər dediklərimdə hansısa bir qüsur, hansısa bir yanlışlıq varsa, üzürlü hesab edin.

Mən bir daha bütün idman federasiya rəhbərlərini möhtərəm Prezidentimizin ətrafında bir yumruq kimi daha sıx birləşməyə çağırıram!

Sonda mənə və federasiyamıza bütün işlərimizdə dəstək olduqları üçün dostlarıma, gözəl insanlara bir ömür boyu sürəcək xüsusi minnətdarlığımı bildirirəm.

Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti,

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti

Cəsarət Əhmədov.


3646 oxunub