AVF rəhbərliyi Belqradda işgüzar görüş keçirib- FOTOLAR


Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri Aleksandar Boriçiçlə görüşüb. Bu gün Serbiyanın paytaxtı Belqradda baş tutan görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Elqar Bağırov, İlqar Nuriyev, CEV-in vitse-prezidenti Renato Arena və digər rəsmilər iştirak ediblər.
Görüş zamanı ölkəmizdə aşağı yaş qruplarında voleybolçuların yetişdirilməsi üzrə akademiyanın yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi qeyd olunub. Bu məsələ ilə bağlı Beynəlxalq Voleybol Federasiyası ilə də danışıqlar aparılması tövsiyə edilib. 
Görüşdə əcnəbi məşqçilərin Azərbaycanda müxtəlif seminarlar keçməsi və burada uzunmüddətli çalışması məsələsinə də baxılıb. Danışıqlar zamanı federasiya nümayəndələrinin CEV-ə ezam olunaraq qurumun təcrübəsinin öyrənilməsi, AVF-nin starateji planı və digər əməkdaşlıq məsələləri də müzakirə edilib.

4068 oxunub