Hikmət Hacıyev: “Ermənistan mina xəritələrini təhvil verməlidir“


"Kəlbəcərdə mina partlayışı faktı bir daha onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki insanlarını hədəf alan siyasət yeridir”. 
Bu sözləri  Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida zamanı jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, beynəlxalq səviyyədə qəbul olunmuş sənədlərdə jurnalistlərin hərbi əməliyyatlar zamanı fəaliyyəti mülki insanlara bərabər tutula biləcək haldır: "Yəni jurnalistin qətlə yetirilməsi və yaxud da bilərəkdən öldürülməsi, onun mina qurbanı olması mülki insanlara qarşı həyata keçirilmiş cinayətlər səviyyəsində ehtiva olunan cinayət əməlidir. Bu cinayətin məsuliyyətini Ermənistan bilavasitə daşıyır”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, mina xəritələri ilə bağlı məsələ beynəlxalq tərəfdaşlar qarşısında qaldırılıb: "Bütün beynəlxalq təşkilatlar çərçivəsində məsələ qaldırılır ki, Ermənistan mina xəritələrini təhvil verməlidir. Bu, eyni zamanda, Ermənistanın özünün məsuliyyəti və öhdəliyidir. Biz burada sivil qaydalardan və sivil dünyadan tamamilə kənar olan, barbar siyasət yürüdən, mülki insanları hədəf alan və məqsədyönlü şəkildə mülki insanların öldürülməsi siyasəti yürüdən bir dövlətdən danışırıq. Biz onların digər barbar əməllərini də görmüşük. Amma bunun müqabilində xəritələr təqdim olunana qədər Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikasının aidiyyəti strukturları tərəfindən intensiv şəkildə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatı aparılır. Bura piyada əleyhinə, tank əleyhinə minalar və digər ciddi təhlükə yaradan partlamamış mərmilər, silah və sursatlar daxildir. Ermənistanın mina fəaliyyətinə qısaca baxdıqda görərik ki, bu minalar hər hansı hərbi zərurət olmayan məntəqələrdə basdırılıb. Deməli, burada da məqsəd mülki insanları öldürmək olub. Mülki şəxslər, yaxud tikinti işləri aparan insanlar təsadüfi şəkildə bu minaların qurbanı olurlar. Təmas xətti boyunca minaların düzülməsi tutaq ki, hərbi zərurət tələb edə bilər, amma Sirac qardaşımızın, Məhərrəm qardaşımızın həlak olduğu yerə baxsaq görərik ki, hadisə kəndin girəcəyindəki yolda baş verib. Bura hər hansı təmas xəttindən və təmas məntəqəsindən tamamilə kənardır. Deməli, məqsəd yalnız mülki insanları öldürməkdir”.
 



78454 oxunub