Avropa çempionatında nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə görüş keçirilib


Rumıniyada keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və beynəlxalq arenada uğurlara imza atan idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır.
Qeyd edilib ki, güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq, qitə birinciliyində böyük uğurlar qazanıblar. Yunan-Roma güləşi və sərbəst güləş üzrə millilərimiz komanda hesabında ilk üçlükdə yer alıb. Qadın güləşçilərimiz də son 8 ilin ən yaxşı nəticəsinə imza atıblar. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Avropa çempionatında 3 qızıl medal qazanıb. Rumıniyada keçirilən bu yarışda ümumilikdə 16 (5 qızıl, 3 gümüş, 8 bürünc) medal əldə edilib. Bu nəticə ilə Azərbaycan Avropada 2-ci yeri tutub.

Tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə də tanış olublar. 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb, yerində 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa edilib.
Tədbirin sonunda bu il aprelin 5-dən 7-dək Bakıda ilk dəfə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlər barədə məlumat verilib. Yarışın Azərbaycanı nüfuzlu tədbirlərin mahir təşkilatçısı kimi növbəti dəfə dünyaya tanıtmaq fürsəti olduğu diqqətə çatdırılıb, turnirdə iştirak edəcək güləşçilərə uğurlar arzulanıb.

2393 oxunub