" Naxçıvan fotolarda” adlı tədbir keçirilib -FOTOLAR


Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və "Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə "Naxçıvan fotolarda” adlı fotosərgi açılıb.
Bakıda yerləşən Beynəlxalq Muğam Mərkəzində təşkil olunan sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 30-da "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə vurğulayıb ki, yubiley tədbirləri Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlərdə, ölkələrdə də geniş şəkildə qeyd olunur. 
Qeyd edək ki, "Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində də açılıb. Aprel ayının əvvəllərində isə Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İl ərzində muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək.
Tədbirin bədii hissəsindən əvvəl Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında konsert proqramı təqdim olunub.

3449 oxunub