Milli Olimpiya Komitəsində bir çox layihələrə imza atılıb


Ötən il idman ictimaiyyətinin yaddaşında müxtəlif tədbirlər, yarışlar və qalibiyyətlərlə qaldı. Belə tədbir və görüşlərin təşkili istiqamətində Milli Olimpiya Komitəsi (MOK) rəhbərliyinin də özünəməxsus rolu var. Komitə nümayəndələri yerli və beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edərək müzakirələr aparıblar.

Beynəlxalq tədbirlərdə müntəzəm iştirak edən MOK-un baş katibinin müavini Azər Əliyevin fəaliyyəti də səmərəli olub.

Belə ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Baş Assambleyasında iştirak edib. Qətərin paytaxtı Doha şəhərində keçirilən Assambleya çərçivəsində MOKA-nın Audit və Maliyyə, Marketinq, Atletlər, Beynəlxalq Əlaqələr, və Tibbi Komissiyalarının iclasları keçirilib, məruzə çıxışları dinlənilib. Həmçinin, Gənclər Komissiyasının və Milli Olimpiya Komitələrinin Assosiyasiyasının İcraiyyə Şurasının iclası gündəlikdə olan məsələlər sırasında olub. Daha sonra Olimpiya Həmrəyliyi Komissiyasının iclası keçirilib.

Bundan başqa, ötən ilin oktyabr ayında Polşanın paytaxtı Varşava şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 48-ci Baş Assambleyası olub. İclasda Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvləri və MOK-un rəsmi nümayəndə heyəti iştirak edib. Asambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və irsi, Olimpiya Akademiyası və digər komissiyaların iclası keçirilib. Həmçinin, Tokio 2020 və Paris 2024 Yay Olimpiya Oyunları, Pekin 2022 Qış Olimpiya Oyunları, Krakov və Malopolska 2023 Avropa Oyunlarının məruzə çıxışları gündəlikdə olan məsələlər sırasında olub.

Bununla yanaşı, İtaliyanın Roma şəhərində Avropa Olimpiya Komitəsinin Avropa Gənclər Olimpiya Festivalının Komissiyasının iclası olub. Tədirdə komissiyanın üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib.

Xarici səfərlərdə fəal iştirakı ilə yanaşı Milli Olimpiya Komitəsinin rəsmi heyəti əcnəbi nümayəndə heyətlərini də qəbul edib. Belə ki, İndoneziyanın nümayəndə heyəti MOK-da olub. Heyətin Azərbaycana səfəri çərçivəsində Milli Olimpiya Komitəsinin nümayəndələri ilə görüş təşkil edilib. Səfər İndoneziya Respublikasının Gənclər və İdman Nazirliyinin Sənaye və İdmanın Təşviqi şöbəsinin direktorunun rəhbərliyi ilə həyata keçirilib. Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un İdman idarəsinin rəisi Həsənağa Rzayev, MOK-un Beynəlxalq Əlaqələr idarəsinin rəisi Anar Bağırov, İndoneziya Respublikasının Gənclər və İdman Nazirliyinin Sənaye və İdmanın Təşviqi şöbəsinin direktoru Sandi Suvardi Hasan, Sənaye və İdmanın Təşviqi şöbəsinin rəsmiləri Hermina Purbasari, Dian Haerani, Melati Vemon və Mutiara Nadya Habibita iştirak edib. Görüş çərçivəsində qurumlar arasında əlaqələrin genişləndirilməsi və bu istiqamətdə görüləcək işlər, Pencak Silat idman növünün Azərbaycanda inkişafı və yarışların təşkili, o cümlədən bir sıra məsələlər müzakirə edilib.

Maraqlı görüşlərin biri də Belarus və Azərbaycan Milli Olimpiya Komitələrinin, Avropa Olimpiya Komitəsinin nümayəndələri və idmançıları arasında keçirilib. Minskdə Fransisk Skorina adına 1 saylı gimnaziyada olan tədbirdə MOK-un baş katibinin müavini Azər Əliyev, Belarus Milli Olimpiya Komitəsinin vitse-prezidenti Sergey Repkin, Avropa Olimpiya Komitəsinin nümayəndəsi Gianluca De Angelis, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov iştirak ediblər.

Xatırladaq ki, Fransisk Skorina adına 1 saylı gimnaziya Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi olan "Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində Azərbaycanın 164 saylı məktəbi ilə qardaşlaşıb.

Azər Əliyev tədbirdə çıxış edərək proqramın həyata keçirilməsində fəal iştirakına görə gimnaziyanın rəhbərliyinə təşəkkürünü bildirib. O, həmçinin Belarusiyada MOK-un təşəbbüskarlığını yüksək qiymətləndirib. Azərbaycanlı tələbələr və qonaqların "Olimpiya mədəniyyəti və təhsil” proqramına daha çox diqqət yetirdiyini vurğulayan Azər Əliyev Minskdə keçirilən ikinci Avropa Oyunlarından böyük məmnunluq duyduğunu qeyd edib.

Qeyd edək ki, Azər Əliyev eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.


5831 oxunub