İdman və istirahət eyni məkanda -Novxanı Sportinq Atıcılıq və İdman Mərkəzi


Bütün idman növləri cəmiyyətin sağlam inkişafına, asudə zamanın faydalı təşkilinə xidmət göstərir. Elə idman növləri var ki, burada yaş həddi sərbəstdir. Bir çox idman növləri məhz təbiətin qoynunda, təmiz havada icra edilir. Bu isə idmançının əhval-ruhiyyəsinə olduqca müsbət təsir edir, məşğul olduğu idman ona daha da zövq verir.

Belə idman növlərindən biri də atıcılıqdır. Atıcılığın bütün növləri olduqca maraqlıdır. Bu növlər arasında sportinq daha əyləncəli və ən çox müraciət olunan idman növlərindəndir. Sportinq ilə məşğul olanların sayı isə olduqca çoxdur. Bu idman növünün üstünlüklərindən biri də odur ki, bütün yaş həddində olan insanlar sportinq ilə məşğul ola bilirlər.


Novxanı Sportinq Atıcılıq və İdman Mərkəzi

həm idman , həm də istirahət məkanıdır.


Təmiz havası, geniş mənzərəsi, atıcıların dincəlməsi üçün nəzərə alınan kafe və pavilionları bu məkanı əsl istirahət, ruhu qidalandıran ünvanlardan birinə çevirir.

Burada zamanın neçə keçdiyini bilmirsən. Fasiləsiz, istirahət günləri də daxil olmaqla günün bütün saatlarında Novxanı Sportinq Atıcılıq və İdman Mərkəzində ailənizlə xoş və səmərəli zaman keçirmək mümkündür. Mərkəzdə silahla davranış və təhlükəsizlik qaydalarına xüsusi diqqətlə yanaşılır.

Qeyd edək ki, atıcılıq komplekslərində peşəkar atıcılarla bərabər, həvəskar atıcılar da idmanın bu növü ilə məşğul ola bilirlər. Maraqlı yarışlardan biri də dekabr ayında Novxanı Sportinq Atıcılıq və İdman Mərkəzində keçirilib. Yarışda yığma komanda üzvləri sərrastlıqları ilə fərqləniblər.

2008-ci ildən Azərbyacan Atıcılıq Federasiyasının vitse-prezidenti və sportinq idman növünün Azərbaycanda yaradıcısı olan Rasim Rzayevlə maraqlı söhbətimiz də elə bu idman növünə olan maraq, təbiətin qorunması və s. kimi mövzularla bağlı oldu.

Qeyd edək ki, hazırda Novxanı Sportinq Atıcılıq və İdman Mərkəzinin rəhbəri olan Rasim müəllim bu məkanın quruculuq işləri və yarışların keçirilməsinə həssaslıqla yanaşır.

Rasim müəllim doqquz il ərzində Atıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. Qəbələdə, Naxçıvanda, Ağıstafada tikilən atıcılıq komplekslərinin göz oxşayan maraqlı layihələri və təhlühəsizlik sistemi məhz Rasim müəllimə məxsusdur. Bundan başqa, o, atıcılıq mərkəzlərinin avadanlıq və texniki vasitələr ilə təminatı ilə də məşğul olmusdur. Beynəlxalq dərəcəli hakim kimi də ölkəmizi xaricdə təşkil olunan yarışlarda təmsil edir.

Rasim müəllimlə söhbət zamanı öyrəndik ki, ötən 11 ildə sportinq ölkəmizdə yüksək səviyyədə inkişaf edib. Azərbaycanda atıcılıq üzrə keçirilən ilk beynəlxalq yarışın məhz sportinq olması da təsadüfi deyil.

Sportinq idman növü Azərbaycanda 2008-ci ildən fəaliyyətə başlayıb. 2008-ci ildən bu günə qədər bu növdə çox sayda beynəlxalq yarışlar təşkil edilib və atıcılarımız bu yarışlarda böyük həvəslə iştirak ediblər.

2019-cu ildə isə idmançılarımız Yunanıstanda, Macarıstanda, Dubayda təşkil olunan beynəlxalq yarışlarda və dünya çempionatında iştirak edib, mükafatlar qazanıblar.

Qeyd edək ki, Azərbaycanda ən böyük atıcılıq mərkəzi Qəbələdə yerləşir. 2012-ci ildə Qəbələ Atıcılıq Mərkəzində, 2013-cu ildə isə Salyanda beynəlxalq Qran-pri yarısı kecilirmişdir.

Azərbaycan Atıcılıq Federasiyası 2008-ci ildən Beynəlxalq İdman Ovçuluq Federasiyası olan FİTASC-ın da üzvüdür. Bu nüfuzlu qurum beş qitəni əhatə edir.

Rasim müəllim bildirdi ki, Azərbaycanın nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də mötəbər beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsidir. "Bu, həm də turistlərin respublikamıza marağını artırır, tariximizi, mədəniyyətimizi nümayiş etməyimizə gözəl fürsət yaradır”, - deyə Rasim Rzayev əlavə etdi.

"Hər birimiz bugünkü inkişafla qürur duyuruq”

"Ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində ölkəmiz idman ölkəsi kimi tanınmaqdadır. Hər birimiz bugünkü inkişafla qürur duyuruq. Əminəm ki, ölkəmizdə sportinq daha da inkişaf edəcək. Bunun üçün respublikamızın bölğələrində atıcılığa olan marağı daha da artırmaq lazımdır. Uzun illərdir idman sahəsində fəaliyyət göstərən mütəxəssis kimi deyə bilərəm ki, Azərbaycan əcnəbi qonaqların böyük marağına səbəb olur və onlar yarışlardan sonra dəfələrlə turist kimi Azərbaycana gəlirlər. Azərbaycan Atıcılıq Federasiyasının (AAF) prezidenti cənab Vaqif Axundov bu sahənin inkişafı üçün əlindən gələni əsirgəmir. Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin , AAF-ın prezidenti cənab Vaqif Axundovun iştirakı ilə atıcılıq mərkəzləri açılıb istifadəyə verilmiş, bu idman növünün inkişafı üçün mühüm addımlar atılmışdır. Bildiyiniz kimi, bu il Azərbaycanda idmanın sportinq növünün yaradılmasının 11 ili tamam olur. Bu idman növü ovçuluğun qadağan olunduğu zamanlarda da əlverişlidir ”,- deyə AAF-ın vitse-prezidenti Rasim Rzayev bildirdi.


14663 oxunub