Respublika Olimpiya Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib


Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Respublika Olimpiya Mərkəzi əsaslı təmirdən sonra bu günlərdə idman ictimaiyyətinin istifadəsinə verilib. Mərkəzdə, əsasən, atletika üzrə yığma komandanın hazırlığı həyata keçiriləcək. 
Bu sözləri AZƏRTAC-a müsahibəsində Respublika Olimpiya Mərkəzinin direktoru Emil Quliyev bildirib. O, qeyd edib ki, idman infrastrukturunun getdikcə təkmilləşdirilməsi istiqamətində atılan addımlar uğurla davam edir: "Ölkəmizdə inkişaf etmiş idman növlərindən biri olan atletikanın kütləviliyini artırmaq üçün idman infrastrukturunun daha da inkişaf etdirilməsi mühüm amillərdəndir. Mərkəzdə təlim-məşqlərin təşkili, yarışların keçirilməsi üçün yaradılan şərait bu gün tam standartlara cavab verir. Respublika Olimpiya Mərkəzi öz fəaliyyətini bundan sonra daha da genişləndirəcək”.
E.Quliyev Azərbaycanda atletika üzrə bir sıra nailiyyətlərin qazanıldığını və mərkəzin bu idman növü üzrə daha böyük uğurların əldə olunmasına öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib: "Ölkəmizdə bütün sahələr kimi, idmanda da çox böyük nailiyyətlər əldə edilib. Atletika üzrə də idmançılarımızın uğurlarını xüsusi qeyd etməliyəm. Əminəm ki, Respublika Olimpiya Mərkəzi atletikanın inkişafına öz töhfələrini verməkdə davam edəcək”.



10003 oxunub