Ölkəmizdə 19 idman federasiyasının statusu dayandırılıb-QƏRAR


Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. İclasın gündəliyinə əsasən, mart ayı ərzində keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.

Kollegiyanın qərarına əsasən, "Azərbaycan Üzgüçülük Federasiyası” İB, "Azərbaycan Velosiped  İdmanı Federasiyası” İB, "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İB, "Azərbaycan Respublikası Həndbol Federasiyası" İB, "Azərbaycan Boks Federasiyası” İB, "Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası" İB-nin akkreditasiyaları təsdiqlənib.

Eyni zamanda,  "WKC növləri üzrə Azərbaycan Karate Federasiyası” İB, "Şito-Ryu Karate-Do Federasiyası” İB, "Azərbaycan Coriyo Kunq-Fu Federasiyası” İB, "Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası” İB, "Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası” İB, "Azərbaycan Skayraninq Federasiyası” İB, "Azərbaycan Boulinq İdman Federasiyası” İB, "Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası” İB, "Azərbaycan Aykido Federasiyası” İB və "Azərbaycan Dama Federasiyası” İB, "Alpinizm Federasiyası” İB, "Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası” İB, "Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası” İB və "Budo Döyüş Növləri Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Xatırladaq ki, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə çatıb. Ümumilikdə, 19 federasiyanın  statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.
6797 oxunub