Bu il paralimpiyaçılarımız beynəlxalq yarışlarda 26-sı qızıl, 18-i gümüş və 33-ü bürünc olmaqla ümumilikdə 77 medal qazanıblar
Dekabrın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2022-ci ildəki fəaliyyətinin yekunları müzakirə edilib.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bu ilin Komitə üçün uğurlu olduğunu diqqətə çatdırıb. O, bildirib ki, Prezident İlham Əliyevin idmana, xüsusilə Paralimpiya Hərəkatına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq paralimpiyaçılarımız yüksək nailiyyətlər qazanır. Komitə prezidenti qeyd edib ki, 2022-ci ildə idmançılarımız bir çox parlaq qələbələr qazanıb, ilk dəfə Qış Paralimpiya Oyunlarına lisenziyanı əldə edib, eyni zamanda, ölkəmizdə paracüdo üzrə dünya çempionatı keçirilib. Komitə prezidenti cari ildə Komitəyə dəstək olan dövlət qurumları, tərəfdaş və mətbuat nümayəndələrinə təşəkkürünü bildirib.
İlqar Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasında görülən işlər barədə məlumat verərək bildirib ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) idmanının dünya ölkələrində təbliği üçün mühüm işlər görür və bu istiqamətdə Milli Paralimpiya Komitəsi də öhdəsinə düşən köməyi göstərəcək.
Komitənin vitse-prezidenti İlham Zəkiyev 2022-ci ilin paracüdoçularımız üçün uğurlu keçdiyini bildirib. Eyni zamanda, o, paracüdo üzrə dünya çempionatının keçirilməsində dəstək göstərmiş qurumlara təşəkkürünü bildirərək qeyd edib ki, paracüdoçularımız bundan sonra da xalqımızı parlaq qələbələri ilə sevindirəcək.
Milli Paralimpiya Komitəsinin prezidentinin köməkçisi Kamal Məmmədov hesabatla çıxış edərək deyib ki, bu il paralimpiyaçılarımız beynəlxalq yarışlarda 26-sı qızıl, 18-i gümüş və 33-ü bürünc olmaqla ümumilikdə 77 medal qazanıblar. O,cari il ərzində Komitənin maliyyə xərcləri ilə bağlı geniş hesabat verib. Komitə prezidentinin köməkçisi qarşıdan gələn "Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına hazırlıqlar barədə məlumat verib. Onun sözlərinə görə, məqsəd növbəti oyunlarda daha böyük heyətlə iştirak edib, Tokioda əldə edilmiş nəticələri ən azı təkrarlamaqdır.
Uşaq Paralimpiya Komitəsinin məsul şəxsi Ülkər Əlizadə bu il uşaq paralimpiya hərəkatının fəaliyyəti, əldə edilmiş nəticələri və 2023-cü ilin fəaliyyət planı barədə məlumat verib. O, diqqətə çatdırıb ki, gələn il 10 illik yubileyini qeyd edəcək Uşaq Paralimpiya Komitəsi 2023-cü ildə bununla bağlı mütəmadi olaraq silsilə tədbirlərin keçirilməsini nəzərdə tutur.
Milli Paralimpiya Komitəsinin mətbuat katibi Azər Tapdıqov cari ildə əldə edilmiş nailiyyətləri bir daha xatırlayaraq tərəfdaşlara və mətbuat nümayəndələrinə təşəkkürünü bildirib. A.Tapdıqov qarşıdan gələn illərdə də idmançılarımızın yüksək nailiyyətlər əldə edəcəyini, eyni zamanda, Azərbaycanın mötəbər yarış və tədbirlərə ev sahibliyi edəcəyindən əminliyini vurğulayıb.
Milli Abilimpiya Federasiyasının vitse-prezidenti, Komitənin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı Komitənin tərəfdaşlar və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslarla birlikdə gördüyü işlər və həyata keçirdiyi layihələrdən söz açıb. R.Hacılı bildirib ki, Komitə bir sıra ölkənin Paralimpiya Komitələri ilə memorandumlar imzalayıb, eləcə də danışıqlar aparıb. O, "Paris-2024” Yay Paralimpiya Oyunlarından əvvəl Fransanın Ajan şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışından da söz açıb.
Daha sonra R.Hacılı Milli Abilimpiya Federasiyası, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiyanın Nippon Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş "True Colors Festival”ı barədə məlumat verib. Eyni zamanda, R.Hacılı dekabr ayında keçirilmiş birinci milli abilimpiya çempionatının qaliblərini elan edərək onları səhnəyə dəvət edib. Onun sözlərinə görə, məhz birinci çempionatın qalibləri 2023-cü ildə Fransanın Mets şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya çempionatında ilk dəfə ölkəmizi təmsil edəcəklər.
Tədbirdə ilin yeni ulduz idmançıları, ulduz baş məşqçisi, ulduz federasiyası, ulduz komandası, ulduz media tərəfdaşı və ulduz tərəfdaşları mükafatlandırılıb.
13539 oxunub